Energetika Nazirliyinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə imzaladığı İcra Müqaviləsinə uyğun olaraq, 240 MVt gücündə külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb.
Eləcə də bax: EBRD Azərbaycanın külək enerjisi layihəsinə - QRANT AYIRIR
FED.az Energetika Nazirliyinə istinadən bildirilir ki, stansiyaların 3-ü Xızıda, 3-ü isə Abşeron rayonu ərazisində quraşdırılıb. Hürdürlüyü 100 metr olan bu stansiyalar vasitəsilə 9-12 ay ərzində külək ölçmələri həyata keçiriləcək və nəticəyə əsasən turbinlərin optimal yerləşməsi müəyyən ediləcək.
Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Sitalçay kəndlərinin dağlıq hissəsində hər biri 6 MVt gücdə olan 40 ədəd külək turbin qurğusunun tikilməsi nəzərdə tutulur. Külək Elektrik Stansiyasının Pirəkəşküldə olan hissəsində ümumi gücü 102 meqavat olmaqla 17 külək turbini, digər hissədə - Xızı rayonunun Sitalçay kəndinin yaxınlığında yerləşən dağlıq ərazidə isə ümumi gücü 138 MVt olan 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Külək Elektrik Stansiyası üçün müəyyənləşdirilmiş ərazilərdə topoqrafiya işləri və mühəndis-geoloji tədqiqatlar başa çatdırılıb. Ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar isə davam etdirilir.
Gücü 200 MVt olan günəş elektrik stansiyası isə Qaradağ və Abşeron rayonları ərazisində inşa olunacaq. Layihə üçün ayrılmış ərazilərdə ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı sorğuların və tədqiqatların aparılmasına hazırlıq gedir.
Xatırladaq ki, 05 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. 2020-ci ilin 9 yanvar tarixində isə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb.