Azərbaycanda avtomobil benzini üzrə istehsalın davam etməsi və karantin rejiminin tətbiq edilməsi ehtiyatları bir qədər də artırıb.
Eləcə də bax: Ai-95 markalı benzinin idxalı - İKİ DƏFƏ ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, cari ilin ilk dörd ayı ərzində ölkədə 406.1min ton həcmində avto-benzin istehsal edilib, bu illik müqayisədə 2.1% artımın olması deməkdir. İstehsal edilmiş benzinin yalnız 62.3 min tonu aprel ayının payına düşüb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.
Lakin, bu benzindən yalnız 48 min tonu pərakəndə satış nöqtələrinə yönəldilib. Nəticədə, ölkədə benzin ehtiyatları 14.3 min ton artmaqla 96.5 min ton həcminə keçib.
Bildirməliyik ki, ölkəmiz ötən ildəkindən fərqli olaraq bu il Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalı bərpa edib, artıq yerli istehsal hesabına Aİ-92 oktanlı benzinlə təmin edilir.
Dizel karantini “maneəsiz” keçir
Amma karantin rejimi daha çox benzinlə hərəkətlənən şəxsi avtomobillərin evdə qalmasına kömək etdiyindən, avtomobil yanacaqlarının istehlakında təkcə benzinə təsir etdiyi müşahidə edilir. 2020-nin yanvar-aprel ayları ərzində cəmi olaraq 732.6 min tonluq dizel yanacağı istehal edilib ki, bunun da 172.7 min tonu aprel ayının payına düşüb.
İqtisadiyatın “mühərrikinin əsas yanacağı” olan dizelin istehlakında isə artım dinamikası daha çox gözə dəyir. Anbarlarda 1 may tarixinə olan dizel yanacağı ehtiyatı 110.8 min tondur. Bu öncəki ayla müqayisədə 4.1 min ton azalma olması deməkdir. Bu isə o anlama gəlir ki, apreldə istehsal edilmiş dizel nəinki daxili bazarı təmin etməyib, hətta anbarlardakı bu növ yanacaq ehtiyatının pərakəndə satışına yönəldilib.
Analitiklər bildirir ki, dizel ölkədə yük, sərnişin (şəhər xarici və daxili) və bir sıra logistik xidmətləri həyata keçirilməsində karantin rejiminin daha az təsirinə məruz qalıb. Üstəlik, aprel ayında karantin dizellə qidalanan kənd təsərrüfatı texnikası üçün “maneəsiz” olduğundan istehlaka bir o qədər də təsir etməyib.