Yeni həyata keçiriləcək layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, dünya bazarlarına öz elektrik enerjisini ixrac etsin və əlbəttə ki, təbii bizim ixrac istiqamətimiz Gürcüstandan keçir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib ki, təkcə azad edilmiş torpaqlarda 10 giqavat gücündə bərpa olunan enerji növlərində istifadə etmək olar: “Xəzər dənizində isə bu rəqəm 157 giqavata çatır. Bu, yəni beynəlxalq ekspertlər tərəfindən təsbit edilmiş rəqəmdir və bu çox böyük rəqəmdir. Əlbəttə ki, bu enerjini istehsal etmək və bunu ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir və burada Gürcüstanla Azərbaycan necə ki digər sahələrdə, bu sahədə də fəal əməkdaşlıq edəcək”.