Gürcüstan bu ilin yanvarından Azərbaycandan benzin və dizel idxalını dayandırıb.
Yanvarda Azərbaycan AI-92 markalı avtomobil benzinin Türkiyəyə - İXRACINA BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının hesabatında bildirilib. Qeyd olunub ki, cari ilin yanvar-fevral ayları ərzində Gürcüstanın benzin və dizel yanacağı idxalı illik ifadədə 8,4 min ton və ya 4,6% azalaraq 174,1 min ton təşkil edib. Hesabat dövründə idxal edilən yanacağın 81,8 min tonunu benzin, 92,3 min tonunu isə dizel təşkil edib.
Yanvar-fevral ayları ərzində Gürcüstanın əsas yanacaq tədarükçüsü Rusiya olub. Hesabat dövründə Rusiyadan 148,5 min ton yanacaq idxal edib ki, bu da ümumi idxalın 85,3%-ni təşkil edib. Gürcüstanın yanacaq idxal etdiyi digər ölkələr isə Rumıniya (26,4 min ton) və Belarus (0,7 min ton), Türkmənistan (0,2 min ton), Ukrayna (0,1 min ton), Bolqarıstan (0,1 min ton) olub.
Əvvəlki dövrlərdə Gürcüstanın əsas dizel tədarükçüsü olan Azərbaycandan cari ilin yanvar-fevral ayları ərzində yanacaq idxal edilməyib. (Apa)