2022-ci ilin yanvar-may aylarında Azərbaycan 9,4 milyard kubmetr qazixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 27% çoxdur.
Eləcə də bax: Azərbaycanda qaz hasilatı - 15% ARTIB
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“2022-ci ilin yanvar-may aylarında Azərbaycan qazının ixracı 9,4 milyard kubmetr təşkil edib, bunun 48%-i və ya 4,5 milyard kubmetri Avropaya nəql olunub”, - Şahbazov öz Twitter hesabında yazıb.
Nazir qeyd edib ki, hesabat dövründə ixrac tədarükünün strukturunda 38% və ya 3,6 milyard kubmetr Türkiyənin, 14% və ya 1,3 milyard kubmetr Gürcüstanın payına düşüb.
Öncə prezident İlham Əliyev qeyd edib ki, 2021-ci ildə Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib, bu il bu rəqəm 24 milyard kubmetr olacaq.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə TAP ilə Azərbaycandan 8,2 milyard kubmetr qaz nəql olunub.
“TAP AG” konsorsiumu 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.