Dünya bazarında neftin tədricən bahalaşması Azərbaycan hökumətində neftin qiyməti ilə bağlı nikbinlik yaradıb.
Eləcə də bax: Manatın dollar qarşısında dəyərdən düşməsi - Əsas Risklərdən Biridir
FED.az xəbər verir ki, 2021-ci ilin dövlət büdcəsi ilə bağlı yenilənmiş layihədə neftin qiyməti 40 dollar götürülüb.
Xatırladaq ki, 2021-ci ilin dövlət büdcəsinin sentyabrda təqdim olunan ilk layihəsində neftin qiyməti 35 dollar götürülmüşdü.
«2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülmüşdür»-deyə sənəddə bildirilirdi. Qeyd edək ki, həmin vaxt Azərbaycan neftinn qiyməti 40 dollar ətrafında yenicə möhkəmlənməkdə idi. Yəni büdcədə neftin qiyməti neft bazarındakı həddən 5 dollar aşağı götürülmüşdü.
Amma 2021-ci il büdcəsinin bu gün açıqlanan yeni versiyasında isə hökumət görünür, mühafizəkar siyasətdən imtina edib və neftin qiyməti artırılaraq 40 dollar götürülüb.
«Pandemiya fonunda dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənliklər, eləcə də dəyişkən neft qiymətləri nəzərə alınaraq ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılmış, bu əsasda, ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülmüşdür»-deyə açıqlamada deyilir.
Qeyd edək ki, hazırda dünya bazarında neftin qiyməti 51-52 dollapr ətrafındadır. Yəni büdcədə götürülən qiymət bazardakı qiymətdən 10-12 dollar aşağıdır.
Bununla yanaşı, neftin baza qiymətinin 35-dən 40 dollara qaldırılması Dövlət Neft Fondunun xətti ilə büdcəyə transferlərə təsir etməyib.
Sentyabr ayındakı büdcədə olduğu kimi, indiki layihədə də 2021-ci ildə büdcəyə Neft Fondundan 12,2 milyard manat vəsait köçürülməsi nəzərdə tutulub.