Moldova Azərbaycandan almaq istədiyi qaz həcmini açıqlayıb.
«Qazprom» bu ölkənin qazını kəsəcəyini elan etdi – BAŞ NAZİRİ BAKIYA GƏLDİ
"Biz qarşıdakı 2 ay ərzində qaz anbarlarımıza 300 milyon kubmetr qaz əlavə etmək üçün partnyor axtarırıq".
FED.az xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Moldovanın baş naziri Nataliya Qavrilitsa jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə Moldova, qaz sahəsində əməkdaşlıq etmək üçün uzunmüddətli tərəfdaş da axtarır və bu Azərbaycan ola bilər.
Xatırladaq ki, hazırda Moldova qazı Rusiyadan alır və rəsmi Kişinyov bu vəziyyətdən razı deyil – «Heç bir ölkə yalnız bir enerji mənbəyinə arxayın ola bilməz, biz bu sahədə Azərbaycanla məhsuldar danışıqlara ümid edirik» -deyə baş nazir bildirib.
Hazırda Moldovanın Rusiyanın «Qazprom» şirkəti ilə qaz pulu ödənişinə görə ciddi problemləri var. Rusiya şirkəti ödəniş edilməsə, oktyabrın 20-dək qazə verilişini dayandıracağını elan edib.
Xatırladaq ki, hazırda Avropa birjalarında qazın 1 min kubmetrinin qiyməti 1530-1550 dollar arasındadır. Bu hesabla Moldovanın Azərbaycandan almaq istədiyi 300 milyon kubmetr qazın təqribi qiyməti 450 milyon dollar ətrafındadır.