“SOCAR Georgia Gas”ın və Gürcüstan hökumətinin birgə fəaliyyəti nəticəsində Gürcüstanda qazlaşdırma səviyyəsinin 2024-cü ilin sonuna 88 faizə çatdırılması gözlənilir.
Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatında qeyd olunub.
Bildirilib ki, 2008-ci ildə bu göstərici 46 faiz səviyyəsində olub. Aparılan işlər nəticəsində 2009-cu ildə sayı 71 min olan abonentlərin sayı 2023-cü il dekabrın 31-nə olan tarixə görə 870 minə çatdırılıb. Bundan əlavə, 2007-2023-cü illər ərzində şirkət tərəfindən 11,2 min kilometrə qədər yeni qaz kəmərləri quraşdırılıb.
“Forbes” jurnalına görə, “SOCAR Energy Georgia” Gürcüstanda ən iri şirkətlərdən biridir. Şirkət fəaliyyəti ərzində Gürcüstan iqtisadiyyatına 772,8 milyon dollar məbləğində sərmayə qoyub və dövlət büdcəsinə 2 036,2 milyard dollar məbləğində vergi ödəyib.
Topdan və pərakəndə fəaliyyəti ilə yanaşı, “SOCAR Energy Georgia” tərəfindən yanacaqdoldurma məntəqələrinin (YDM) inşası və istismarı, neft məhsulları terminalları və nəqliyyat vasitələri ilə təchizat, idxal əməliyyatlarının həyata keçirilməsi kimi funksiyalar da yerinə yetirilir. Sadalanan fəaliyyət növlərini həyata keçirtmək üçün “SOCAR Georgia Gas”, “SOCAR Georgia Petroleum” və “SOCAR Georgia Security” kimi hüquqi cəhətdən tam olaraq “SOCAR Energy Georgia”ya məxsus olan törəmə şirkətlər yaradılıb. “SOCAR Georgia Petroleum” şirkəti YDM-lərin inşası və istismarı məqsədilə 2006-cı ildə təsis edilib və 2010-cu ilin sonu üçün şirkətə məxsus YDM-lərin sayı artıq 60-a çatdırılıb. 2023-cü il dekabrın 31-də əldə edilmiş məlumata əsasən, Gürcüstanda SOCAR brendi altında 108 YDM müştərilərə yüksək səviyyəli xidmət göstərir. 2007-2023-cü illər ərzində şirkət tərəfindən Azərbaycandan Gürcüstan bazarına 4 milyon 521 min 337 ton müxtəlif növ neft məhsulları göndərilib. 2023-cü il üzrə isə bu göstərici 76 min 622 ton təşkil edir.
“SOCAR Georgia Petroleum” 13 xidmət mərkəzi və 4 neft məhsulları terminalına malikdir. YDM-də mayeləşdirilmiş təbii qaz (LPG), sıxılmış təbii qaz (CNG), dizel yanacağı və müxtəlif oktanlı yüksəkkeyfiyyətli benzin satılır. Şirkətə məxsus YDM-də satılan dizel yanacağı və benzin Avropa ölkələrindən idxal olunur və tam olaraq “Avro-5” (Euro 5) standartlarının tələblərinə uyğundur. Həmçinin, Gürcüstanda ilk dəfə olaraq elektrik enerjisi ilə işləyən avtomobil sahibləri ölkənin əsas yollarında və Tbilisi şəhərində şirkətin 15 YDM-də 19 nöqtədə öz maşınlarını elektrik enerjisi ilə təmin edən aparatlardan yararlanırlar. 2021-ci ildə bir YDM-də maksimum gücü illik 39,6 kilovat, 2023-cü ildə isə gücü 28 kilovat olan günəş panelləri stansiyası quraşdırılaraq istismara verilib. Hər iki stansiyada istehsal olunan 74 min kilovat/saat elektrik enerjisi müəssisənin daxili tələbatı üçün istifadə edilib. Hal-hazırda şirkətin 4 obyektində analoji olaraq, illik gücü 1,7 meqavat təşkil edəcək stansiyaların qurulması üzrə layihələndirmə işləri aparılır. (Azərtac)