2025-ci ildə Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarını işlədən neft-qaz şirkətlərindən dövlət büdcəsinə 1,95 milyard manat mənfəət vergisinin daxil olacağı gözlənilir.
«Qara qızıl» dövrü bitir, nefti başqa məhsullar əvəz etməlidir – EKSPERT SAHƏLƏRİ AÇIQLADI
FED.az xəbər verir ki, AÇG layihəsinin səhmdarlarının 2025-ci ildə Azərbaycanın büdcəsinə neftin orta qiymətinin 70 ABŞ dolları olmaqla 450 milyon manat mənfəət vergisi ödəyəcəyi gözlənilir. Şahdəniz layihəsi üzrə fəaliyyət göstərən şirkətlərin mənfəət vergisi ödənişləri isə 1,5 milyard manat proqnozlaşdırılıb. Bu proqnoz qazın 1000 kubmetri üçün orta qiymətinin 242 ABŞ dolları olmaqla müəyyən edilib.
2024-cü ilin sonuna Şahdəniz və AÇG layihəsi üzrə mənfəət vergisi ödəmələri müvafiq olaraq 1,93 milyard manat və 650 milyon manat olmaqla ümumilikdə 2,58 milyard manat təşkil edib.
Qeyd edək ki, “Azəri”, “Çıraq” və “Günəşli” dərinsulu yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü müqaviləsi 1994-cü ildə imzalanıb. Xatırladaq ki, 14 sentyabr 2017-ci il tarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb. “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə isə 1996-cı ildə imzalanıb. (Apa)