Bu gün BP "Shafag Jabrayil Solar Limited" (SJSL) şirkətinin 10 % iştirak payının "MVM Energetika Zrt." (MVM) şirkətinə satıldığını elan edib.
Azərbaycanda $200 milyonluq layihə: Cəbrayılda günəşdən alınan enerji Səngaçala ötürüləcək – QAZA QƏNAƏT BAŞLAYIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla BP-nin Cəbrayıl rayonunda həyata keçirdiyi mühüm günəş enerjisi layihəsini maliyyələşdirən birgə müəssisədəki tərəfdaşlıq daha da güclənmiş olur.
Beləliklə, "Şəfəq" günəş enerjisi layihəsində paylar indi belədir: BP 40,01 %, "SOCAR Green" 39,99 %, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 10 % və MVM 1 0% təşkil edir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, "Şahdəniz" layihəsindəki uğurlu əməkdaşlığımızın davamı olaraq MVM şirkətinin "Şəfəq" günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə qoşulmasından çox məmnundurlar: "MVM bu layihəyə enerji sistemlərinin istismarı və ötürülməsinin idarə edilməsi sahəsində öz geniş təcrübəsi ilə gəlir. İnanırıq ki, onların bu birgə müəssisəyə qoşulması ilə elə bir əməkdaşlıq nümunəsi yaranır ki, orada biz layihənin ümumi dəyərini, dayanıqlılığını və uzunmüddətli fəaliyyətini daha da artırmaq məqsədilə bir-birimizdən öyrənə bilərik".
"Şəfəq" günəş enerjisi layihəsi ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib - layihə üzrə əsas müqavilələr imzalanıb, tikinti işləri artıq başlayıb və panellərin ölkəyə gətirilməsi qrafikə uyğun davam edir. Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir - işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Qeyd edək ki, tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa olunan bu 240 MVt gücündə stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir. (Report)










