Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac əməliyyatları davam edir.
Azərbaycan neftinin də ixrac olunduğu Ceyhan neft terminalı - FƏALİYYƏTİNİ DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə bp şirkətinin Bakı ofisindən bildirilib.
"BTC üzrə əməliyyatlar davam edir. Ceyhan terminalında tankerlərin yüklənməsi üzrə əməliyyatlar BTC boru kəmərinin Türkiyədəki operatoru (Botaş International Anonim Şirketi (BIAS)) tərəfindən müvəqqəti olaraq dayandırılıb. Boru kəmərinin operatoru olan bp Türkiyənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı dərin kədər hissi keçirir və bu faciəvi hadisə nəticəsində zərər çəkmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir. Türkiyədəki bütün bp əməkdaşlarının təhlükəsizlikdə olduqlarını təsdiqləyirik", - şirkətdən bildirilib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində 1014 nəfər həyatını itirib, 7003 nəfər yaralanıb, 2 470 nəfər dağıntılar altından xilas edilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.
2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).
Bakı-Tbilisi-Ceyhan boru xətti ilə neft 2006-cı ildə kommersiya məqsədi ilə neft nəqli başladıqdan sonra 2022-ci ilin sonunadək 5250 tankerlə 4 milyard bareldən artıq neft nəql olunub.
Boru kəməri ilə dünya bazarına 2021 və 2022-ci illərdə müvafiq olaraq 200 milyon bareldən çox və 224,4 milyon bareldən çox xam neft çıxarılıb. (Trend)