“BP”nin Azərbaycandakı ofisi 2021-ci ilin birinci yarısının yekunları üzrə biznes əməliyyatları hesabatını dərc edib.
Eləcə də bax: Ölkəmizdə də aktiv olan enerji nəhəngi 6 aya 8 milyard dollar - Mənfəət Əldə Edib
FED.az xəbər verir ki, biznes əməliyyatları haqqında bu məlumat Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin edir.
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2021-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 266 milyon dollar əməliyyat məsrəfləri və 846 milyon dollardan artıq əsaslı məsrəflər xərclənmişdir.
COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, ilin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam etmişdir.
İri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam etmişdir. Sualtı qurğular və birləşdirici dirsəklərin quraşdırılması üzrə mühəndis-layihə işləri ikinci rübdə başa çatmışdır.
Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam etmişdir. Bu işlərə aşağıdakılar daxildir: qazma avadanlığı modulu üzərində qazma sahəsi göyərtəsinin quraşdırılması, mexaniki avadanlıq dəstlərinin quraşdırılması, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi. Üst modulların sürüşdürülərək yüklənməsi üçün relslərin hazırlanmasına başlanmışdır. Yaşayış modulları Bakıya çatdırılmış, quraşdırma sahəsində boşaldılmış və ilk üç modul artıq öz mövqeyinə qaldırılmışdır.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə davam etmişdir. Mərkəzi dayaq çərçivələrinin qaynaq işləri irəliləmiş və dayaq blokunun barjın üzərinə sürüşdürülməsi əməliyyatına hazırlıq işlərinə başlanmışdır.
İkinci rüb ərzində həmçinin dənizdə aparılan bir sıra quraşdırma işləri də irəliləmişdir. Bunlara Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir.
Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanmışdır və bununla bağlı planlaşdırlmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.
Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.
2021-ci ilin birinci yarısında AÇG yatağında səmərəli hasilatı maksimuma çatdırmaq üçün məhsuldar layları daha yaxşı öyrənmək və hasilat və suvurma fəaliyyətlərini daha dəqiq planlaşdırmaq məqsədilə AÇG layihəsi çərçivəsində yüksək sıxlıqlı seysmik tədqiqat aparılmışdır. Altı ay müddətində və üç gəmi vasitəsilə həyata keçirilən tədqiqat fəaliyyətləri təhlükəsiz və qrafikə uyğun şəkildə yerinə yetirilmişdir. Tədqiqat zamanı ekipajlı gəmilərdən əlavə, həmçinin özü idarə olunan suüstü gəmi və məsafədən idarə olunan kiçik ölçülü sualtı qurğudan da istifadə edilmişdir.
Hasilat
İkinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (111 000), Qərbi Azəri (118 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (88 000) və Qərbi Çıraq (43 000) platformalarından birlikdə – gündə orta hesabla 468 000 barel və ya ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton olub.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Qərbi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir.
Plana əsasən Qərbi Azəri platformasından hasilat təxminən 13 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır.
İkinci rübün sonunda AÇG-də ümumilikdə 131 neft hasilat quyusu, 44 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2021-ci ilin birinci yarısında AÇG-də 6 neft hasilatı və 3 suvurma quyusu qazılmışdır.
Səmt qazı
2021-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Səngəçal terminalı
Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Altı ay ərzində terminal təxminən 115 milyon barel neft və kondensat, o cümlədən 99 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 16 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 55 milyon standart kubmetr (1 milyard 930 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.
2021-ci ilin ikinci rübündə bp Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Səngəçal terminalının personalı və işçi heyəti üçün iş yerində COVID-19 əleyhinə könüllü vaksinasiya kampaniyası keçirmişdir. Rübün sonuna bp əməkdaşları və işçi heyəti də daxil olmaqla terminal personalının təxminən 66%-i öz iş yerlərini tərk etmədən, iş qrafiklərinə və sahədəki karantin qaydalarına əməl etməklə peyvənd olunmuşdur.
Bakı-Tbilisi-Ceyhan (BTC)
BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
2021-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə 69 milyon dollardan artıq, əsaslı xərclərə isə 12 milyon dollardan artıq vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 488 milyon tondan çox (3,66 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4796 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Ceyhan terminalında ilk iki rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), PETRONAS (15,5%), AzŞD (10%), LUKOYL (10%), NİKO (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%),
2021-ci ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 140 milyon dollar əməliyyat xərcləri və 366 milyon dollardan çox əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
İlin ikinci rübündə Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.
Hasilat
Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir. Şahdəniz qazının 31 dekabr 2020-ci il tarixindən başlayaraq Avropa bazarlarına çatdırılması 2021-ci ilin birinci yarısında da davam etmişdir.
İlin ilk altı ayı ərzində yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
İlin ikinci rübündə Şahdəniz 2 çərçivəsində 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlanmışdır. Bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz, qrafikə və büdcəyə uyğun yerinə yetirilmiş mühüm bir hadisədir. Dərinsulu Şərq-Cənub cinahından hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlandı. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.
Qazma əməliyyatları
İkinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal qazma qurğusu 3 sualtı quyuda - SDF03, SDF04 və SDC05 quyularında - tamamlama işlərini bitirib. Maersk Explorer qurğusu SDH03 quyusunun alt hissəsini tam dərinliyinədək qazıb və quyu konservasiya olunub.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində dörd quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu və şərq cinahın şimal hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (28,8%), TPAO (19%), PETRONAS (15,5%), AzSCP (10%), NİKO (10%), LUKOYL (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%),
İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 27 milyon dollar, əsaslı xərclər isə təqribən 11 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk altı ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,51 milyon kubmetr olmuşdur.
Geoloji kəşfiyyat
Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Lakin bu ehtiyatların qiymətləndirilməsi üçün əlavə işlərə ehtiyac var və buna görə də nəticələrə baxmaq və qiymətləndirmə işlərinin növbəti addımlarını planlaşdırmaq məqsədilə qazma işlərinin müvəqqəti dayandırılması qərara alınıb. Bu addımlara potensial olaraq məlumatların yenidən emalı və ardınca bir yanlülə qiymətləndirmə quyusunun qazılması daxildir.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç yerdə kəşfiyyat quyularının qazılması işlərinin planlaşdırılması davam edir. İlk kəşfiyyat quyusu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlandı və sənədin müzakirəsi bitdikdən sonra 2021-ci ilin yanvar ayında hökumət tərəfindən təsdiqləndi. İlk quyunun qazılması işlərinin başlanması 2021-ci ilin uçüncü rübünə planlaşdırılır.
D230 blokunda seysmik məlumatların interpretasiyası davam edir. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, bp kəşfiyyat proqramının növbəti fəaliyyətlərini nəzərdən keçirəcək.
İşçi heyətimiz
Birinci yarımilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2344 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Bp ayıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2021-ci ilin birinci yarısında 0,4 milyon dollardan çox vəsait xərcləmişdir.