Böyük Britaniya hakimiyyəti iki il ərzində böhran səbəbindən Böyük Britaniya sakinlərinə kəskin artan yanacaq və elektrik xərclərinə görə 100 milyard funt sterlinqdən (118 milyard dollar) çox kompensasiya ödəməyə məcburdur.
Eləcə də bax: Böyük Britaniyada illik inflyasiya - 9,4%-Ə ÇATIB
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü Financial Times qəzeti yazıb.
Britaniyanın altı əsas enerji şirkətindən biri olan Scottish Power-ın baş icraçı direktoru Keyt Anderson, "Təbii qaz və elektrik enerjisinin bahalaşması fonunda bu cür maliyyələşdirmə ölkəni bürümüş böhranın miqyasını və dərinliyini göstərir" deyib.
Məlumata görə, britaniyalı ev təsərrüfatları üçün maksimum elektrik ödənişləri ildə 2 min funt-sterlinqdən (2,4 min dollar) çox olmamalıdır. Onun dəyəri daha yüksək olduqda, qiymət fərqi dövlət vəsaitləri hesabına kompensasiya edilir. Artıq bu həftə ev təsərrüfatları üçün maksimum elektrik ödənişlərinin 3 min funt-sterlinqə (3,5 min dollar) çatacağı gözlənilir.
Əvvəllər enerji konsaltinq şirkəti Auxilione, 2023-2024-cü maliyyə ilinin əvvəlində (aprel ayından başlayaraq) Böyük Britaniyanın orta illik məişət elektrik haqqının rekord həddə çata biləcəyini proqnozlaşdırmışdı.
Mart ayında Londonda yerləşən İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi Böyük Britaniyanın 1950-ci illərdən bəri həyat standartlarının ən pis düşməsi riski ilə üzləşdiyi barədə xəbərdarlıq edən hesabat dərc edib. Rəsmi məlumatlara görə, iyulda ölkədə inflyasiya illik müqayisədə 10,1%-ə yüksəlib. Buna Ukraynadakı müharibə, Rusiya ilə Qərb arasında iqtisadi qarşıdurma nəticəsində ərzaq, yanacaq və elektrik enerjisinin kəskin bahalaşması səbəb olur. (Marja)