Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında təbii qaz hasilatı maksimum həddə çatacaq, yəni yataqdan ildə 25 milyard kubmetrə qədər təbii qaz hasil olunacaq.
OPEC Azərbaycanın neft ehtiyatlarının həcmini - AÇIQLADI
FED.az xəbər verir ki, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
"Layihənin operatoru olan BP maksimum hasilat müddətini mümkün qədər uzatmağa çalışır”, - B. Aslanbəyli bildirib.
Onun sözlərinə görə, illik proqnozun yerinə yetirilməsi üçün gündəlik göstəricilər əsas götürülür: “Şahdəniz-2” yatağında isə hasilatın maksimum səviyyəsi ildə 16 milyard kubmetrə çatacaq. Operatorun məqsədi hasilat müddətini pik səviyyədə saxlamaqdır və şirkət bu istiqamətdə işləyir”.
B.Aslanbəyli vurğulayıb ki, BP Azərbaycanda operatoru olduğu iki böyük layihədə - “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında resurs bazasının genişləndirilməsi üçün kəşfiyyat qazma işlərini davam etdirir: “AÇG yatağında dərinlikdə yerləşən təbii qaz laylarının ehtiyatlarının müəyyən edilməsi məqsədilə kəşfiyyat quyusunun qazılması artıq başa çatıb. Hazırda daxil olan məlumatlar əsasında Azərbaycan Dövlət Neft Şirkəti ilə texniki və kommersiya parametrləri ilə bağlı müzakirələr aparılır”.
O, həmçinin bildirib ki, hazırda “Şahdəniz” yatağında kəşfiyyat quyusunun qazılması davam edir və bu da şirkət tərəfindən bir neçə il əvvəl aşkar edilmiş dərin laylardakı təbii qaz ehtiyatlarını qiymətləndirməyə imkan verəcək: “Amma bu, illik proqramdır, nəticələr yalnız ilin sonuna kimi əldə olunacaq və budan sonra onların interpretasiyasına başlanacaq”.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir. (Report)