ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasından və Hörmüz boğazından nəqliyyatın hərəkəti açıldıqdan sonra dünya bazarında neft qiymətləri kəskin şəkildə aşağı düşüb.
Tramp İranla iki həftəlik atəşkəs elan etdi – HÖRMÜZ BOĞAZI AÇILDI
FED.az biznes və maliyyə xəbərləri portal xəbər verir ki, ABŞ Prezidenti Trampın İrana qarşı genişmiqyaslı bombardmanı dayandırması və ABŞ-İran müharibəsində iki həftəlik atəşkəs elan etməsindən sonra neft qiymətləri kəskin şəkildə aşağı düşdü.
Tramp “Truth Social” şəbəkəsində paylaşım edərək bildirib: “İrana qarşı bombardman və hücumları iki həftə müddətinə dayandırmağa razıyam”. Çərşənbə axşamı gecəsi verdiyi açıqlamada o əlavə edib: “Bu, qarşılıqlı atəşkəs olacaq! Çünki biz artıq bütün hərbi məqsədlərimizə nail olmuşuq və hətta onları aşmışıq, İranla uzunmüddətli, QƏTİ sülh razılaşması və Yaxın Şərqdə SÜLH istiqamətində əhəmiyyətli irəliləyiş əldə etmişik”.
Nəticədə “Brent” markalı neftin qiyməti bir neçə saat ərzində 16 faizdən çox ucuzlaşaraq bir barel üçün 90,78 dollara düşüb. ABŞ-ın WTI markalı neftinin fyuçersləri də 16 faiz ucuzlaşaraq 94 dollardan bir qədər yuxarı ticarət olunub.
Əvəzində bu xəbərdən sonra fond bazarları yüksəldi. ABŞ birhalarının əsas indeksləri olan “S&P 500” və texnoloji “Nasdaq 100” indeksi təxminən 2 faiz artdı, “Dow Jones” İndeksi isə 900 baldan çox yüksəlib.













