2025-ci ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 251 milyon dollar əsaslı məsrəflər xərclənib.
FED.az bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik 5-illik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalı və mayda başlanması nəzərdə tutulan növbəti məlumat toplanması işlərinə - ikinci il üçün proqrama, hazırlıq birinci rüb ərzində davam edib.
Hasilat
2025-ci ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (87 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (25 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 331 000 barel və ya ümumilikdə təxminən 30 milyon barel, yəni 4 milyon ton olub.
Fevralın 18-i AÇG layihəsi Mərkəzi Azəri platformasından ilk neftin əldə olumasının 20 illiyini qeyd etdi. Həmin vaxtdan platformadan ümumilikdə 1,1 milyard barrel (152 milyon ton) neft hasil edilib.
Rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilatı quyusu, 44 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
Birinci rüb ərzində AÇG-də 2 neft hasilatı quyusu qazılmış və onlardan biri tamamlanmışdır. Bundan əlavə 1 qaz injektoru quyusu da qazılıb.
Səmt qazı
2025-ci ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Sərbəst qaz
AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı. AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.
Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyu qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.
Quyu mövcud Qərbi Çıraq platformasından qazılıb. İlk qaz hasilatının bütün tamamlama və sualtı birləşdirmə işləri bitdikdən sonra 2025-ci ilin sonunadək başlanacağı gözlənilir.