Energetika Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, bu ilin 9 ayı ərzində respublikada 21,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.
Azərbaycanda sentyabrda gündəlik neft hasilatı üzrə göstərici açıqlanıb
FED.az xəbər verir ki, neft hasilatının 12,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,1 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0,4 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 5,6 milyon ton təşkil edib.
Hesabat dövründə ölkədə neft emalı 5 milyon ton təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 78,7 min ton olub. Bunun 65,0 min tonunu xam neft, 13,7 min tonunu qaz kondensatı təşkil edib.
2024-cü ilin yanvar- sentyabr aylarında ölkədə 37,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 9,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,5 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib.
Bu dövrdə xaricə qaz satışı 18,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Avropaya 9,4 milyard kubmetr, Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 4,2 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr 2024-cü il tarixinədək 644,8 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 455,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 597,2 milyon ton neft, 226,1 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,6 milyon tona yaxın kondensat, 229,5 milyard kubmetr qaz çıxarılıb.
Bu yataqlardan 01 oktyabr 2024-cü il tarixinədək 642,9 milyon ton neft (kondensatla birlikdə) və 163,9 milyard kubmetr qaz ixraca nəql edilib.