Neft hasilatı azalmaqda olan Azərbaycanda qaz hasilatı və qazın ixracı artmaqdadır.
“Azərbaycan təbii qaz ixracını 8 %-dən çox artırıb”
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Bu ötən ilin eyni dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artıqdır. Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycanda 38,4 milyard kubmetr təbii qaz hasil edilmişdi.
Bu il ölkədə çıxarılan qazın
10,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən,
21,8 milyard kubmetri “Şahdəniz”dən,
0,5 milyard kubmetri “Abşeron”dan,
7,1 milyard kubmetri SOCAR üzrə hasil olunub.
Qaz hasilatının artımı «Şahdəniz» yatağının, SOCAR-ın və yeni hasilata başlanan «Abşeron» yatağının hesabına baş verib.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında “Şahdəniz”dən 20,7 milyon kubmetr qaz hasil edilmişdi, bu il isə həmin göstərici 1 milyard kubmetr artıqdır. SOCAR isə ötən il 6,6 milyard kubmetr qaz çıxarmışdı, bu il həmin rəqəm 7,1 milyard kubmetrdir.
«Əsrin müqaviləsi», yəni “Azəri-Çıraq-Günəşli”dən isə neft hasilatı kimİ, qaz hasilatı da azalır, Belə ki, bu il həmin yataqlardan 10,7 milyard kubmietr qaz çıxarılıb, ötən il isə bu rəqəm 1,1 milyard kubmetr idi.
Hasilat göstəriciləri ilə yanaşı, qazın ixracı da artmaqdadır. Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə xaricə qaz satışı 18,2 milyard kubmetr təşkil etmişdi, bundan Avropaya 9,3 milyard kubmetr, Türkiyəyə 6,9 milyard kubmetr, Gürcüstana isə 2 milyard kubmetr qaz satılmışdı.