Dövlət Gömrük Komitəsi 2023-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət göstəricilərini açıqlayıb.
Azərbaycan yanvarda qaz ixracını - 84% AZALDIB
FED.az xəbər verir ki, komitənin məlumatına əsasən, bu ilin ilk ayında Azərbaycanın neft-qaz ixracında və gəlirlərində kəskin azalma var.
Belə ki, yanvar ayında Azərbaycan xaricə 1 milyard 592,3 milyon dollar olan neft-qaz və məhsulları ixrac edib.
Bu ötən ilin yanvarı ilə müqayisədə 1,8 dəfə və ya 44% azdır.
Belə ki, 2022-ci ilin yanvarında Azərbaycan xaricə 2 milyard 854,5 milyon dollarlıq neft-qaz və məhsulları ixrac etmişdi.
İxracın azalması həm neft, həm də təbii qazda hiss olunub.
Belə ki, yanvarda xaricə 2 milyon 246 min ton xam neft ixrac edilib və bundan 1 milyard 397,7 milyon dollar vəsait daxil olmuşdu.
2022-ci ilin yanvarında isə 3 milyon 505,5 min ton neft ixrac edilib, bundan 2 milyard 31,4 milyon dollar daxil olmuşdu.
Beləliklə, ixrac olunan xam neftin həcmi 36%, ondan gələn vəsait isə 31% azalıb.
Azərbaycandan xaricə təbii qaz ixracı isə yarvan ayında 6 dəfəyə yaxın azalıb.
Belə ki, yanvarda Azərbaycan xaricə ümumi məbləği 140 milyon dollar olan 256 milyon kubmetr qaz ixrac edib.
Ötən ilin yanvarında isə ölkədən xaricə ümumi məbləği 803 milyon dollar olan 1 milyard 613 milyon kubmetr qaz ixrac edilib.
Ötən il qazın 1000 kubmetri xaricə 498 dollardan ixrac edilmişdisə, bu il həmin göstərici 547 dollara yüksəlib.