Azərbaycan Respublikasının Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən bu gün təqdim edilmiş yeni yol xəritəsində göstərildiyi kimi, 2040-cı ilədək Azərbaycan, doğru uzunmüddətli strategiya və ona əsasən həyata keçiriləcək infrastruktur inkişafı, yatırımlar və siyasətlər sayəsində dəniz küləyindən enerji hasilatı üçün 7 giqavatt qoyuluş gücünə nail ola bilər, bu da öz növbəsində ölkənin dekarbonlaşma və dayanıqlı iqtisadi artım kimi paralel prioritetlərinin icrasında vacib rol oynaya bilər.
Kiçik artım ssenarisinə əsasən, Azərbaycanda dəniz külək energetikası mötədil templə inkişaf edərək, 2040-cı ilədək 1.5 giqavatt qoyuluş gücünə malik olacaq və dekarbonlaşdırılmış enerji istehsalının 7%-ni təmin edəcək. Yüksək artım ssenarisində daha iddialı artım templəri nəzərdə tutulur: 2040-cı ilədək dəniz külək energetikasının qoyuluş gücü 7.2 giqavatta çataraq ölkənin enerji təchizatının 37%-ni təmin edə bilər.
Yüksək artım ssenarisinin icrası nəticəsində daha çox enerji istehsalı, iş yerlərinin açılması, sərmayənin daha sürətli geri ödənilməsi və daha böyük həcmdə karbon emissiyalarının azalması baş verəcək, eləcə də daha böyük bazarın yaratdığı miqyas qənaətləri səbəbindən, kiçik artım ssenarisi ilə müqayisədə, enerjinin maya dəyərinin daha kəskin azalması gözlənilir. Lakin yüksək artım ssenarisinin ərsəyə gəlməsi üçün daha böyük vəsaitlər daha erkən mərhələdə yatırılmalıdır. İstənilən halda, hər iki ssenari ölkənin nəhəng dəniz küləyi resurslarının yalnız kiçik qismini istismara verəcəkdir.
Yol xəritəsində dəniz külək energetikası potensialının hər iki ssenariyə əsasən istifadəsi üçün tövsiyə olunan tədbirlər təqdim edilir. Həmin tədbirlərin sırasına 2030-cu və 2036-cı illər üçün hədəflərin müəyyən edilməsi, 200 meqavatt gücündə pilot layihəsinin, sonra isə bu qəbildən olan daha iri layihələrin işlənib hazırlanması və rəqabətli müsabiqə şəraitində tikilməsi və istifadəyə verilməsi, dəniz küləyi üçün yeni perspektivli sahələrin kəşf edilməsi, infrastrukturun modernləşdirilməsi, maliyyə vəsaiti cəlb etmək üçün qabaqcıl beynəlxalq təcrübələrin qəbul edilməsi və dəniz külək energetikası sahəsində davamlı layihələr ardıcıllığını realizə etmək üçün dövlət qurumlarında və işçi qüvvəsində müvafiq bilik və bacarıqların artırılması daxildir.
“Son bir neçə onillikdə Azərbaycan Xəzər dənizinin neft-qaz ehtiyatlarından ölkənin iqtisadi inkişafı məqsədləri üçün səmərəli istifadə edə bilmişdir. Lakin dünya dəyişir, və artıq dənizimizin digər ehtiyatından – küləyin gücündən – yararlanmağın vaxtı çatıb,” – Azərbaycan Respublikasının Energetika Nazirinin müavini Elnur Soltanov qeyd etdi və əlavə etdi: “Dəniz külək energetikası bizə unikal imkan verir: neft-qaz sahəsində topladığımız təcrübəni və peşəkar işçi qüvvəsini yeni sahədə tətbiq edərək, eyni zamanda dekarbonlaşma və iqtisadi şaxələndirmə məqsədlərimizə çatmaq və Azərbaycan xalqı üçün firavan gələcəyi təmin etmək.”
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın söylədiyinə görə, dəniz külək energetikası ölkə üçün yerli, rəqabətli qiymətə malik, irimiqyaslı və təmiz enerji və iş yerləri mənbəyi deməkdir. “Yüksək artım ssenarisinin təhlili göstərir ki, dəniz külək energetikası 2040-cı ilədək Azərbaycanın iqtisadiyyatı üçün minlərlə iş yerləri və milyardlarla əlavə dəyər yaratmaq, eləcə də milyonlarla ton karbon emissiyasının qarşısını almaq iqtidarındadır. Bu təhlillərə görə, dəniz külək enerjisi Azərbaycan 2030 - Milli Prioritetlərində vurğulanan öncüllərdən biri olan enerji sektorunda “xalis sıfır” emissiyalar hədəfinə nail olmaqda önəmli rol oynayacaq.”
IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte şərh verdi ki, yol xəritəsi Azərbaycan Hökuməti və IFC arasında əməkdaşlıqda mühüm mərhələ olmaqla yanaşı, ölkənin dekarbonlaşma strategiyasında dəniz küləyinin yaratdığı imkanlardan istifadə etmək üçün etibarlı zəmin yaradır. “Beynəlxalq Maliyyə Korporasiyası olaraq, biz Azərbaycan Hökuməti ilə yüksək səviyyəli əməkdaşlığımızla fəxr edir və iqtisadi artım üçün yeni imkanlar açan bərpa olunan enerji mənbələrindən daha geniş istifadə yolunda Azərbaycanı həm məsləhət xidmətləri göstərməklə, həm də bu sahəyə özəl investisiyaların təmin edilməsi üçün maliyyə vəsaiti cəlb etməklə dəstəkləməyə hazırıq.”