2021-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda 20,3 milyard kub metr qaz hasil edilib.
Bloomberg: «Ucuz qaz dövrü başa çatıb, bundan sonra - QİYMƏTLƏR ARTACAQ, İNFLYASİYA OLACAQ»
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, qazın 6,4 milyard kub metri “Azəri-Çıraq-Günəşli” yatağından, 10 milyard kub metri “Şahdəniz”dən, 3,9 milyard kub metri SOCAR üzrə hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatı 990 milyon kub metr və ya 5,1 faiz artıb.
Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur.
Cari ilin yanvar-iyun ayında Türkiyəyə təqribən 4,7 milyard kub metr (ümumi ixracın 51,6%-i), Avropaya təqribən 3,2 milyard kub metr (35,2%), Gürcüstana isə 1,2 milyard kub metr (13,2%) qaz ixrac edilib.
Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,7 milyard kub metrdən çox qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 183 milyard kub metr, “Şahdəniz”dən isə 145 milyard kub metrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kub metrdən çoxu ixrac edilib.