Azərbaycanda neft hasilatı və ixracı tədricən azalmaqdadır.
Eləcə də bax: Azərbaycanın qaz gəlirləri 2,6 dəfə artıb – RƏQƏMLƏR AÇIQLANDI
FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 27,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu ötən ilin eyni dövrünə nisbətən 1,6 milyon ton və ya 5,6% azdır. Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28,8 milyon ton neft çıxarılmışdı.
2022-ci ilin yanvar-oktyabrında Azərbaycanda neft hasilatının 17,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə “Azəri-Çıraq-Günəşli”dən çıxarılan neft 1,7 milyon ton və ya 9% azalıb. SOCAR-ın xətti ilə çıxarılan neft isə 0,1 milyon ton və ya 1,5% azalıb.
Əvəzində «Şahdəniz» yatağından kondensat formasında alınan neftin həcmi ötən illə müqayisədə 0,2 milyon ton və ya 6% artıb.
2022-ci ildə Azərbaycandan neftin ixracı da azalmaqdadır. Nazirliyin məlumatına görə FED.az xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 21,9 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon ton və ya 6,4% azdır.
Azalma əsasən konsorsiumun neftinin hesabına baş verib. Belə ki, bu il konsorsiumun xətti ilə 20,7 milyon ton neft nəqli edilib – ötən illə müqayisədə neft ixracı 1,5 milyon ton və ya 6,7% azalıb. SOCAR-ın xətti ilə ixrac edilən neftin həcmi dəyişməyib – 1,2 milyon ton.