Azərbaycanda insanlar fərdi olaraq evlərinin damında günəş panelləri yerləşdirə biləcəklər.
Eləcə də bax: AİB "Qaradağ" GES-in tikintisinə 23 mln. dollar - AYIRACAQ
FED.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, bunun üçün ilk növbədə bir çox mexanizmlər təmin olunmalıdır.
"Ölkəyə elektrik enerjisi mənbələrinin gətirilməsi əlbəttə ki, elektrik qiymətindən asılıdır. Azərbaycanda elektrik enerjisi bitməyib, nisbətən aşağıdır və bunu təbii ki, ehtiyatla tənzimləmək lazımdır. Çünki bu, orta maaşa görə uyğunlaşdırılır. Azərbaycan enerji sərvəti olan ölkədir. Əgər siz maaşınızın 10%-dən çoxunu məhz isinməyə sərf edirsinizsə, bu, o deməkdir ki, enerji cəhətdən zəifsiniz. Azərbaycan özünü tamamilə elektrik enerjisi ilə təmin edir. Amma burada tək bazar qanunları deyil, həmçinin əlavə stimullar da tətbiq olunmalıdır",- deyə Elnur Soltanov qeyd edib.
O, həmçinin əlavə edib ki, hazırda yenilənə bilən enerji mənbələrinin subsidiyalaşdırılması və maliyyələşdirilməsi həyata keçirilir.
"Təbii ki, istənilən subsidiya hesablamaları çətinləşdirir, amma düşünürəm ki, biz bu istiqamətdə düzgün fəaliyyətdəyik",- deyə Elnur Soltanov qeyd edib. (Apa)