AMEA Coğrafiya İnstitutunda Elmi seminarın növbəti iclası keçirilib.
FED.az institutdan "APA"-ya verilən məlumata istinadən xəbər verir ki, iclasda Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyev “Azərbaycanda külək elektrik stansiyalarının yer seçimində coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda təqdimatla çıxış edib.
Məruzəçi bildirib ki, Azərbaycanda elektrik enerjisinin 91,9%-ni verən istilik elektrik stansiyalarından atmosferə ildə 18,5 mln. ton karbon qazı buraxılır.
Onun sözlərinə görə, eyni zamanda elektrik enerjisi istehsalına milyardlarla m3 təbii qaz sərf olunur: “Dünya ölkələrinin illik karbon emissiyalarının həcmi 45 mlrd. tona çatıb ki, bu da orta illik temperaturun 0,80 C artmasına və qlobal istiləşməyə gətirib çıxarıb. Bunun qarşısını almaq məqsədilə son 10 ildə bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının qurulmasına dünyanın 146 ölkəsi ümumilikdə 2,6 trln. ABŞ dolları investisiya yatırıb. Atmosferə buraxılan karbon qazı tullantılarının həcmini azaltmaq üçün istilik elektrik stansiyaları tədricən alternativ enerji mənbələrinə əsaslanan stansiyalarla əvəz olunur”.
Tədqiqatçı 1990-2015-ci illərin külək meteoroloji məlumatları əsasında Abşeron yarımadası, Culfa və Ordubad rayonlarında küləyin yüksək potensiala malik olduğunu müəyyən edib. O, coğrafi informasiya sistemlərinin köməyi ilə külək turbinlərinin işləməsi üçün minimum sürəti 3,5 m/s-dən yüksək olan ərazilərin ümumi sahəsini hesablayıb, turbinlərin texniki xüsusiyyətlərini təhlil edərək istehsal oluna bilən elektrik enerjisinin miqdarını təyin edib: “Azərbaycanda külək elektrik stansiyalarının yerləşdirilməsi üçün CİS proqramları vasitəsilə ümumi optimal ərazilərin sahəsi müəyyən edilib, ölkənin elektrik tələbatını ödəmə qabiliyyəti yüksək səmərəliliyə malik 56 məntəqədə tədqiq edilib. Müəyyən edilib ki, Azərbaycanda elektrik enerjisinə tələbatın 17%-ni külək elektrik stansiyaları vasitəsilə almaq mümkündür. Bu həm də Azərbaycanın “Paris Sazişi”ndə götürdüyü karbon tullantılarının azaldılması öhdəliyinin yerinə yetirilməsi və dayanıqlı enerjidən istifadə edən ölkələrdən geri qalmaması üçün də əhəmiyyətlidir”.