Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti və Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə konsorsium yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qazın tədarükünün həyata keçirilməsi üçün yeni müqaviləni əldə etmək üzrə danışıqlar aparır.
Eləcə də bax: Azərbaycan Türkiyəyə qaz ixracını dayandırıb - RƏSMİ
FED.az xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, kontraktın bitməsi səbəbindən (ildə 6,6 mlrd. kubmetr qazın nəqlini nəzərdə tuturdu – red.) "Şahdəniz-1" çərçivəsində Türkiyəyə qazın nəqli aprel ayının 16-da dayandırılıb və hazırda yeni müqavilənin əldə edilməsi üçün danışıqlar aparılır.
"Hazırda "BOTAŞ" və konsorsium arasında danışıqlar davam etdirilir", - T. Bayatlı qeyd edib.
Bununla yanaşı, T. Bayatlının sözlərinə görə, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi ("Şahdəniz-2" – red.) çərçivəsində qazın nəqli tam şəkildə davam etdirilir.
Xatırladaq ki, "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr (Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə – red.) qazın nəqlini nəzərdə tutulub.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Əlavə etmək lazımdır ki, ötən ilin dekabrın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. (Apa)