Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Türkmənistandan cəmi 230 milyon 926 min kub metr təbii qaz idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Türkmənistandan idxal edilmiş qazın dəyəri 35 milyon 221 min dollar olub.
Son bir il ərzində idxalın həcmində 123 milyon 195 min kub metr (34,8%), dəyərində isə 17 milyon 897 min dollar (33,7%) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Türkmənistandan 53 milyon 118 min dollar dəyərində 354 milyon 121 min kub metr qaz idxal etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Türkmənistandan idxal edilmiş qazın hər 1000 kub metrinin orta dəyəri 152,5 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 2,5 dollar (1,6%) çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 150 dollara bərabər olub.










