Azərbaycan 2023-cü ilin yanvar-fevral aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 1 milyard 697,58 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 10% çoxdur.
Türkiyədə gündəlik hasilat gücü - 100 min barel olan – YENİ NEFT YATAĞI TAPILIB
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin fevral ayında Azərbaycandan Türkiyəyə 815,73 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,12% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 13,57%-i Azərbaycanın payına düşüb.
Azərbaycan fevralda Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qərarlaşıb. Birinci pillədə 34,37%-lə Rusiya, ikinci pillədə 16,99%-lə ABŞ, dördüncü pillədə 11,19%-lə Əlcəzair yer alıb.
Fevralda Türkiyəyə 6 milyard 11,56 milyon kubmetr qaz (2022-ci ilin fevral ayı ilə müqayisədə azalma 4,16%) ixrac edilib. 3 milyard 147,33 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 52,35%-i, azalma 12,92%), 2 milyard 864,23 milyon kubmetr (bütün ixracın 47,65%-i, artım 7,75%) isə LNG-nin payına düşüb.
Fevralda Türkiyəyə qaz ixracı 12 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Anqola, Əlcəzair, Fransa, Misir, Mozambik, Nigeriya, Norveç Trinidad və Tobaqo - LPG) həyata keçirilib.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir. Müqavilə üzrə 2022-ci il üçün nəql 2,55 milyard kubmetr, illik ixrac pik həddə 3,7 milyard kubmetr həcmində nəzərdə tutulub.
Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.
2023-cü ildə Türkiyəyə 10,2 milyard kubmetr həcmində Azərbaycan qazının ixracı planlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC (6,67%). (İnterfaks-Azərbaycan)