Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massarini qəbul edib.
Eləcə də bax: Azərbaycan qaz ixracını bir ildə 15 % artırıb
FED.az xəbər verir ki, görüşdə bu ilin fevral ayında Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasının gedişi müzakirə edilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin iqtisadiyyatın bir çox sahələrində uğurla inkişaf etdiyi, uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlığın mühüm elementi sayılan Trans Adriatik Boru Kəməri layihəsinin İtaliya və digər Avropa istehlakçıları üçün əhəmiyyətindən bəhs edilib, layihənin kommersiya fəaliyyəti üçün hazır olduğu, cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğu vurğulanıb.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, enerji sektorunda investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri, iki ölkənin müxtəlif qurumları arasında imzalanmış əməkdaşlıq sənədlərindən irəli gələn məsələlər nəzərdən keçirilib.