Gələn ilin yanvarın 1-dən Azərbaycan təbii qazı Bolqarıstana çatdırılacaq.
Eləcə də bax: Azərbaycan qazının TAP kəməri ilə - Avropaya Nəqli Başlayıb
Ancaq bu qaz Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) boru kəməri layihəsi çərçivəsində olduğu kimi, Komotini birləşmə nöqtəsindən deyil, digər birləşmə nöqtəsindən veriləcək. Bununla da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstanın “Bulgargas” şirkəti arasında imzalanmış sazişə riayət ediləcək.
FED.az xəbər verir ki, bu barədə Bolqarıstanın “Nova TV” telekanalına açıqlamasında Bolqarıstanın energetika naziri Temenuşka Petkova bildirib.
Onun sözlərinə görə, 110 km uzunluğunda olan marşrut boyunca çəkilən boruların ilin sonuna qədər qaynaq ediləcək və daha 20 km boru kəmərin inşası tamamlanacaq.
Bolqarıstan və Yunanıstan arasında qaz boru kəmərinin ümumi uzunluğu 182 km-dir. Bunun 150 km-i Bolqarıstan ərazisindədir. İGB boru kəməri Yunanıstanın Komotini şəhərindən başlayır və Stara Zagora şəhərinin yaxınlığındakı Bolqarıstan qaz ötürmə sisteminə qoşulur. Boru kəmərinin texniki ötürücülük gücü ildə 3-5 mlrd kubmetr arasındadır. Layihənin ümumi dəyəri isə 220 milyon avrodur.
İGB-nin işə salınması Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) fəaliyyətə başlaması ilə paralel olaraq reallaşdırılmalı idi. Ancaq T. Petkova bildirib ki, pandemiya müəyyən problem yaradıb. Bu, əsasən tədarüklə bağlı olub. Ancaq əsas məsələ Azərbaycan qazının başqa bir giriş nöqtəsindən ölkəyə daxil olmasıdır: “Bir neçə aydan sonra isə Komotininin giriş nöqtəsi artıq hazır olacaq”.
Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.