“Azərenerji” ASC-yə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2019-cu ili 196,971 milyon manat xalis zərərlə başa vurub. Halbuki, stansiya 2018-ci ildən 12,08 milyon manat xalis mənfəətlə çıxmışdı.
Eləcə də bax: "Azəristiliktəchizat"ın yığılmış zərəri - 90 Milyon Manata Çatıb
FED.az xəbər verir ki, ötən il “Azərbaycan İstilik Elektrik Stansiyası”nın elektrik enerjisi satışından gəlirləri 269,029 milyon manat (əvvəlki ilə nisbətən 1,5% az), yanacaq xərcləri 200,042 milyon manat (8,5% az), köhnəlmə xərcəri 31,99 milyon manat (10,3% çox), təmir və texniki xidmət xərcləri 24,712 milyon manat (3,3 dəfə çox), işçi heyətinin saxlanılması xərcləri 7,035 milyon manat (40% çox), xammal və material xərcləri 6,326 milyon manat (4,3 dəfə çox), digər xərcləri 2,13 milyon manat (8,6% az), əmlak, tikili və avadanlıqlarının dəyərsizləşməsindən zərəri 199,37 milyon manat (əvvəlki il olmayıb), istismardan çıxarma üçün ehtiyatdakı dəyişiklikdən gəlirləri 12,013 milyon manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 2,59 milyon manat (30,45% az), mənfəət vergisi ödəmələri 1,364 milyon manat (52,8% az), digər vergi ödəmələri isə 2,454 milyon manat (40,9% çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın aktivləri 553,352 milyon manat olub ki, bu da illik müqayisədə 1,3% çoxdur. Hesabat dövründə Stansiyanın öhdəlikləri 8% artaraq 198,839 milyon manata çatıb, balans kapitalı isə 2,2% azalaraq 354,513 milyon manata düşüb
Xatırladaq ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” kommersiya qurumu kimi 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,108 milyon manatdır. (Report)