2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 1 milyard 649 milyon 523 min dollar dəyərində 3 milyard 107 milyon kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 311 milyon 425 min dollar və ya 23,3% artıb, həcm ifadəsilə isə 35 milyon 837 min kub metr, başqa sözlə 1,2% artıb.
Qeyd edək ki, 2024-cü ilin ilk dörd ayı ərzində Azərbaycandan bu ölkəyə 1 milyard 338 milyon 98 min dollar dəyərində 3 milyard 71 milyon kub metr təbii qaz ixrac olunmuşdu.
Hesabat dövrünün nəticələrinə görə, Azərbaycanın İtaliyaya ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 90 qəpik təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici 16 qəpik (21,6%) artım deməkdir.
Ötən ilin müvafiq dövründə isə İtaliyaya ixrac edilmiş qazın bir kub metrinin orta ixrac qiyməti 74 qəpiyə bərabər olub.