2022-ci ildə bərpa olunan enerjinin Azərbaycanın ümumi enerji istehsalındakı payını 22%-dək çatdırılması planlaşdırılır.
Eləcə də bax: “Azəriqaz” gələn ildən daha müasir sayğaclara - KEÇİD EDƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Ammayev "Azərbaycanda Bərpa Olunan Enerji – Ən Son Trendlər və İnkişaf" mövzusunda keçirilən onlayn brifinqində deyib.
Onun sözlərinə görə, hazırda bu göstərici 17% təşkil edir. 2030-cu ilin üçün bərpa olunan enerjinin ümumi enerji istehsalındakı payını 30%-ə çatdırılması hədəfə alınıb.
Bundan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov CAREC-in virtual Enerji İnvestisiya Forumunda bildirib ki, yaxın aylarda müxtəlif layihələr çərçivəsində Azərbaycan bərpa olunan enerji mənbələri sektoruna 500 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb edəcək və günəş və külək enerjisi sahəsində nəzərdə tutulan bu layihələrin ümumi gücü 470 MVt təşkil edəcək.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 75,6 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% azdır. Günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 47,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+15,8%).
Bundan əlavə, yanvar-oktyabr aylarında Azərbaycanda 21 245,7,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-oktyabr aylarında 20 592,4 mln. kVt-saat təşkil edib (+7,6%).