Azərbaycan 2022-ci ilin sonunadək Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır.
FED.az xəbər verir ki, bunu Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Orxan Zeynalov "Asia Times" nəşrinə açıqlamasında deyib.
"2021-ci ildə biz Avropaya 8,2 milyard kubmetr təbii qaz ixrac etmişik. Bu il biz həmin göstəricini 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. 2023-cü ildə isə Azərbaycanın Avropa ölkələrinə 11 milyard kubmetr qaz tədarük etməsi gözlənilir", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji mənbələrindən daha çox elektrik enerjisi istehsal edildikcə, daha çox qaz ixracı mümkün olacaq.
Departament rəhbəri bildirib ki, Azərbaycan 2030-cu ilədək enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı planlaşdırır.
"Biz Avropanın enerji təhlükəsizliyində vacib rol oynamaq istəyirik, amma eyni zamanda bazarda kiminsə yerini tutmağa çalışmırıq", - O.Zeyanlov deyib. (Trend)