“Standard & Poor`s Global Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci il üçün “Brent” markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 75 ABŞ dollarından 85 ABŞ dollarına, "WTI" (West Texas Intermediate) nefti üzrə isə 70 ABŞ dollarından 80 ABŞ dollarına qaldırıb.
Eləcə də bax: “Shell” “Şimal axını-2” layihəsində iştirakını - DAYANDIRMAQ İSTƏYİR
FED.az S&P-yə istinadən xəbər verir ki, 2023-cü il üçün “Brent” markalı neftin qiyməti ilə bağlı proqnoz 65 ABŞ dollarından 70 ABŞ dollarına, "WTI" markalı neftin qiyməti 60 ABŞ dollarından 65 ABŞ dollarınadək artıb. 2024-cü il üçün neftin qiyməti dəyişməyərək müvafiq olaraq 55 və 50 ABŞ dolları səviyyəsində qalıb.
Reytinq agentliyi xatırladıb ki, xam neftin qiyməti fevralın 24-də səhər saatlarında Rusiya Ukraynaya daxil olduqdan sonra sıçrayıb, “Brent” və "WTI" gün ərzində 100 dollar/barel həddini keçərək 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. ABŞ prezidenti Co Bayden və digər dünya liderləri Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların neft və qaz ixracına şamil edilməyəcəyini şərh etməsindən sonra bazar sakitləşib.
“Bizim fikrimizcə, Rusiya-Ukrayna münaqişəsi neft və qaz qiymətləri üçün ən böyük risk olaraq qalır. Biz inanırıq ki, fundamental qlobal tələb və təklif göstəriciləri son aylarda güclənib və hər halda, qısa müddətdə daha yüksək qiymətləri dəstəkləyəcək. Münaqişə ilə bağlı Rusiyanın neft və qaz ixracı, istər sanksiyalar, istər infrastruktura kiberhücumlar, istərsə də Rusiya həcmləriinə görə, qiymətlərin daha da artmasına səbəb ola bilər və biz münaqişənin inkişafı ilə yaxın müddətli qiymət dəyişkənliyini gözləyirik”, - deyə S&P qeyd edir.
Rusiya-Ukrayna vəziyyəti inkişaf etdikcə, S&P əmtəə qiymətləri ilə bağlı proqnozlara və neft-qaz şirkətlərinin kredit reytinqlərinə təsirini qiymətləndirməyə davam edəcək: “İndiyə qədər dünya liderləri Rusiyanın neft və qaz ixracına qarşı sanksiyalardan qaçmaq istədiklərini açıq şəkildə bəyan ediblər. Bunun Rusiyadan kənar iqtisadiyyatlara vuracağı zərəri nəzərə alsaq, xüsusən də həm neft, həm də qaz baxımından Rusiyanın tədarükündən çox asılı olan Avropa İttifaqı ölkələrinə də aid etmək olar. Belə ki, Aİ neftinin təxminən 25 %-ni və qazın 40 %-dən çoxunu Rusiyadan idxal edir. Rusiya neftinin və qazının həcminin bazardan çıxarılması enerji qiymətlərinin artmasına, onsuz da yüksək inflyasiyanın kəskinləşməsinə və bütün dünyada iqtisadi artımın ləngiməsinə səbəb ola bilər ki, bu da Rusiyadan kənarda bir çox ölkələrə ziyan vurur. Baxmayaraq ki, son illər ABŞ-dan Avropaya mayeləşdirilmiş təbii qazın (LNG) ixracı artıb ki, bu da Rusiyanın Avropa qaz bazarlarına təsirini zəiflədib. Rusiya qazından asılılığı kompensasiya etmək üçün isə yeni infrastrukturun qurulmasına illər lazım olacaq.
S&P xatırladıb ki, ABŞ, Aİ, Böyük Britaniya, Yaponiya və Avstraliya da daxil olmaqla dünya üzrə hökumətlər Rusiyaya qarşı onun ən böyük banklarını, dövlət müəssisələrini və yüksək rütbəli şəxsləri, o cümlədən oliqarxları və əksər insanları hədəf alan genişmiqyaslı sanksiyalar elan ediblər. Bu yaxınlarda Vladimir Putin də bu siyahıya daxil edilib. "Bir çoxları da texnologiya və digər malların Rusiyaya ixracını əngəlləyib və son olaraq Rusiyanın SWIFT beynəlxalq ödəniş sisteminə çıxışını qadağan edib. Almaniya ABŞ-ın da sanksiyaya tətbiq etdiyi “Şimal axını-2" qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırıb. Baxmayaraq ki, bunun qısa müddətdə qaz idxalına təsir edəcəyini gözləmirik”.
Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, Rusiya 2020-ci ildə dünyanın üçüncü ən böyük neft istehsalçısı və ikinci ən böyük təbii qaz istehsalçısı olub və bu da dünya enerji bazarlarına böyük təsir göstərib. Beynəlxalq Enerji Agentliyi (IEA) ABŞ da daxil olmaqla üzvlərinin bəzi qiymət endirimlərini təmin etmək üçün strateji neft ehtiyatlarından (SPRs) neftin həcminin buraxılmasını əlaqələndirmək qabiliyyətinə malik olduğunu bildirib.
İEA-nın məlumatına görə, 2021-ci ilin sonunda üzv ölkələr 4,16 milyard barel neft ehtiyatına, o cümlədən fövqəladə ehtiyatlar kimi təyin edilmiş 1,5 milyard barel neft ehtiyatına sahibdirlər.
Bundan əlavə, Prezident Bayden ABŞ-da neft və qaz istehsalçılarını daha yüksək qiymətlərdən istifadə etməyə çalışmaq əvəzinə, bazara tədarükü artırmağa çağırışını təkrarlayıb.
Səudiyyə Ərəbistanı kimi ölkələrin ehtiyat gücü və hasilatı nisbətən tez sürətləndirmək imkanlarını nəzərə alaraq bazara əlavə həcmlər gətirmək üçün təzyiqlər də artır. Bununla belə, Səudiyyə Ərəbistanı, OPEC-in digər üzvləri ilə birlikdə, bazara həcmlərin ölçülmüş şəkildə qaytarılmasını əlaqələndirmək üçün son illərdə Rusiya ilə sıx əməkdaşlıq edir, S&P analitiklərinin fikrincə, bu münasibətlər onun Rusiya ilə mövcud kvota razılaşmalarını asanlıqla poza bilməsini çətinləşdirə bilər.
Nəhayət, hər iki tərəfin razılığa doğru irəlilədiyini İran nüvə sazişi danışıqlarının həlli 2022-ci ilin sonuna qədər bazara gündəlik 1,5 milyon barel əlavə ixrac gətirə bilər. (Report)