Energetika Nazirliyinin operativ məlumatlarına əsasən, 2023-cü ildə Azərbaycanda 30,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 7,4% azdır.
Ötən il Azərbaycanda hasil edilən neftin 83,4 faizi - İXRAC OLUNUB
FED.az xəbər verir ki, hesabat dövründə respublika üzrə neft hasilatının 17,8 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokunun (azalma 12,7% - İF) payına düşüb ki, bu da 2023-cü ili ərzində Azərbaycan üzrə bütün hasilatın 58,9%-ni təşkil edir.
2023-cü ildə “Şahdəniz” yatağından 4,3 milyon ton kondensat (azalma 2,3% - İF), SOCAR üzrə 7,8 milyon ton neft (kondensatla birlikdə, bütün neft hasilatının 25,8%-i, 2022-ci ilin səviyyəsində qalıb – İF), “Abşeron” yatağından 0,3 milyon ton kondensat hasil edilib.
Hesabat dövründə 25,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (azalma 4,2%). Bunun 22,1 milyon tonu konsorsiumun (azalma 11,2% - İF), 3,1 milyon tonu isə SOCAR-ın (artım 2,2 dəfə - İF) payına düşür.
Bakı NEZ-də neftin emalı 2023-cü ildə 6,5 milyon ton (artım 4,8%) təşkil edib.
Nazirlikdən bildirilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2024-cü il tarixinədək blokdan 584,7 milyon ton neft, “Şahdəniz”dən isə 44,5 milyon ton kondensat çıxarılıb ki, bunun da 627,3 milyon tondan çoxu ixraca nəql edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%) və NICO şirkətidir (10%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb. (İnteffaks-Azərbaycan)