Avqustun 22-də Asiyanın topdansatış bazarlarında sıxılmış təbii qazın (STQ) qiyməti 1 milyon BTU (British Thermal Unit) üçün 60 dolları ötüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfədən çox artım deməkdir.
Eləcə də bax: Rusiya iyul ayında Çinin ən böyük - Neft Tədarükçüsü Oldu
FED.az xəbər verir ki, bu barədə JKM (Japan Korea Marker Platts) indeksini əks etdirən “CME Group” məlumat yayıb. Bildirilir ki, qiymət artımına “Qazprom”un avqustun 31-dən sentyabrın 2-dək “Şimal axını” üzrə yeganə qaz nasos qurğusunun təmirə dayanacağı barədə yaydığı məlumat səbəb olub.
Həmçinin STQ qiymətlərinin qalxmasına bazarda artan kəskin rəqabətin səbəb olduğu da bildirilir. Yaponiya Qaz, Neft və Metallurgiya Korporasiyasının (“JOGMEC”) məlumatına görə, qışda həm Yaponiya, həm də Cənubi Koreya qaz ehtiyatlarını maksimum həddə çatdırmağa çalışır.
“Nikkei” qəzetinin yazdığına görə, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi qış fəslində çatışmazlıq yaranacağı təqdirdə STQ-nın qaz şirkətləri arasında bölüşdürülməsi sistemi üzərində çalışır. Yaponiyada qış fəslində STQ çatışmazlığı proqnozlaşdırılmasa da bu, yerli şirkətlərin tələbatını təmin etmək üçün uğurlu variant hesab edilir. Həmin prosesin hökumət tərəfindən tənzimlənəcəyi qeyd edilir.
Bundan əlavə, şirkətlər qazdan qənaətlə istifadənin yollarını müzakirə edirlər. Bu məqsədlə daha çox qənaət edən şirkətlərə mükafatların verilməsi nəzərdə tutulur. Nəşrin bildirdiyinə görə, yanacaq çatışmayacağı təqdirdə böyük şirkətlərin qazdan istifadəsinə məhdudiyyətlərin tətbiq olunması da planlaşdırılır. (Azərtac)