Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında bir sıra sənədlər imzalanıb.
SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI
FED.az xəbər verir ki, sənədlər fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində imzalanıb.
Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
“Bu gündən “ACWA Power” şirkəti ilə tərəfdaşlığımız ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələrlə genişlənir”, - deyə energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, bu layihələr Azərbaycanın “yaşıl artım” ölkəsi və “yaşıl enerji” təchizaçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələrdir.
““ACWA Power” ilə birgə fəaliyyətimiz Xəzərdən Avropaya planlaşdırılan yaşıl enerji dəhlizi üçün yeni gücləri təmin etməklə bərabər, karbon emissiyalarının azaldılması, enerji keçidinin sürətləndirilməsi üçün də əhəmiyyətlidir”, - deyə nazir qeyd edib.
Hazırda “ACWA Power” şirkəti ilə 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasının tikintisi üzrə əməkdaşlıq həyata keçirilir. (İnterfaks-Azərbaycan)