2024-cü il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 535 milyon dollar əməliyyat məsrəfləri və 1,293 milyon dollar əsaslı məsrəflər xərclənib.
Bu barədə FED.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanmışdır. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir.
Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə 2024-cü il üçün nəzərdə tutulmuş iş həcmi təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanmışdır; hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
Aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olunub.
ACE platformasından ilk neft 2023-cü ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edildi. 2024-cü il ərzində platformada daha iki hasilat quyusu istismara verildi və bununla da ACE-dən hasilat artaraq ilin sonuna gündə təxminən 26 000 barelə çatdı.
ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.
ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.
2024-cü ilin oktyabrında AÇG yatağında ilk dəfə olaraq lay təzyiqi şəraitində süxur nümunələri (kern) çıxarılması əməliyyatı uğurla həyata keçirilmişdir. Bu bp-nin həm Xəzərdə, həm də qlobal miqyasda yerinə yetirdiyi ilk bu cür əməliyyatdır.
Təbii lay təzyiqi altında süxur nümunələri Balaxanı VIII layından götürülmüşdür və bu əməliyyat Qərbi Azəri platformasında yeni istifadəyə verilmiş bir quyu vasitəsilə həyata keçirilmişdir. Əməliyyat zamanı süxurdakı bütün mayelər olduğu kimi saxlanmaqla və süxurun ilkin vəziyyəti qorunmaqla tam lay təzyiqli dörd kern nümunəsi uğurla çıxarılmışdır. Bu nümunələr sahənin analizindən əldə edilmiş məlumatlarla birlikdə əlavə təhlil üçün laboratoriyaya göndərilib.