Cari ilin ilk üç ayında “Azəri-Çıraq-Günəşli”dən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib
FED.az xəbər verir ki, bu barədə BP-nin 2024-cü ilin birinci rübünün yekun hesabatında qeyd edilib.
Rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (21 000), “Mərkəzi Azəri” (92 000), “Qərbi Azəri” (79 000), “Şərqi Azəri” (53 000), “Dərinsulu Günəşli” (63 000) və “Qərbi Çıraq” (31 000) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 31 milyon barel, yəni 4 milyon ton olub. Bu da ötən il ilə müqayisədə ümumilikdə 4 milyon barel və ya 11,4 faiz azdır.
Hesabatda bildirilib ki, rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilatı quyusu, 43 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub. Həmçinin birinci rüb ərzində AÇG-də 3 neft hasilatı və 1 su injektoru quyusu tamamlanıb.
Hesabat dövrü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,4 milyon kubmetr, ümumilikdə isə 0,7 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.