Cari ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 347 milyon dollar əsaslı məsrəflər xərclənib.
FED.az xəbər verir ki, bu barədə BP-nin bu ilin birinci rübünün yekun hesabatında qeyd edilib.
Yanvar ayında AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanılıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon dollar, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.
Birinci rübdə “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi öz əsas məqsədi, yəni ACE platformasından hasilatın başlanması istiqamətində böyük irəliləyiş edib.
Rüb ərzində ACE platformasının qurudan idarəetmə sistemi işə salınıb və bununla da ACE BP-nin tam qurudan idarə olunan ilk dəniz platformasına çevrilib.
Bundan əlavə, layihə çərçivəsində ilk neft üçün tələb olunan bütün hazırlıq işləri, o cümlədən 2023-cü ilin dekabrında qazılmağa başlanıb, ilk hasilat quyusunun qazma işləri tamamlanıb. Mart ayında bu quyu öz 3150 metr ümumi dərinliyinə çatıb və bütün digər hazırlıqlar bitəndən sonra aprelin 16-da ACE-dən ilk neft əldə olunub.
ACE platforması texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.