Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 25,1 milyard kubmetr təbii qaz hasil edilib.
Azərbaycan hasil etdiyi qazın yarısını satıb
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, qazın 6,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokundan, 14 milyard kubmetri “Şahdəniz” yatağından, 0,8 milyard kubmetri “Abşeron” yatağından, 3,8 milyard kubmetri SOCAR üzrə hasil olunub.
“Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb”, - məlumatda qeyd olunur.
Məlumata görə, hesabat dövründə xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 6,4 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP kəməri ilə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.