Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir.
Meliorasiya və Su Təsərrüfatı: Kürdə suyun həcmi - 27 FAİZ AZALIB
FED.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib.
Onun sözlərinə görə, Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır:
"Əks halda yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Bunun paralelində qonşu ölkələrdə sudan istifadə də artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib".
Rafiq Verdiyev deyib ki, qarölçmə nəticələrinə görə Kür çayında suyun səviyyəsinin necə olacağı ilə bağlı nəticələr mart ayının sonuna bəlli olacaq:
"Gürcüstanlı həmkarlarımızla daim əlaqədəyik. Qıraqkəsəmən məntəqəsində stansiyamız var və o məntəqə üzrə ölkəyə daxil olan suyun həcmini qiymətləndirəcəyik. Biz Kür çayı ilə bağlı məlumatı əsasən bu məntəqədən alacağıq. Aprel-may aylarında artımın olunması gözlənilsə də, indidən nəsə demək çətindir”. (Apa)