“2019-cu ilin fevral ayında ölkə rəhbəri plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində Tədbirlər Planı imzalayıb”.
Eləcə də bax: ETSN: “Pinqvin” torbalardan istifadə - Qadağandır
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə ETSN-in Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.
O bildirib ki, həmin tədbirlər planında plastikdən istifadənin tədricən azaldılması, birdəfəlik plastik qablardan imtina, alternativlərdən geniş istifadənin təşviqi və tətbiqi öz əksini tapıb: “Bununla əlaqədar Nazirlik tərəfindən 15 mikrona kimi polietilen torbaların, eləcə də birdəfəlik plastik qabların istifadəsinin qadağan olunması istiqamətində təkliflər təqdim edilib, bütün aidiyyəti qurumlarla razılaşdırma mərhələsi keçdikdən sonra ölkə rəhbərinin 30 dekabr tarixli fərmanı ilə öz təsdiqini tapıb. Qalınlığı 15 mikrona kimi olan torbalara qadağa artıq 1 yanvar tarixindən qüvvəyə minib. Belə torbalara məişətdə tez-tez istifadə etdiyimiz “pinqvin” adlandırdığımız və onlar kimi nazik torbalar aiddir. “Niyə sırf belə torbalar qadağan edilib” sualına gədikdə isə, onlar təkrar emala yararlı deyil, daha nazik, yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir. Yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Eyni zamanda belə torbalar bilirsiniz ki, daha çox qidaların saxlanılması üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda, zəhərli maddələr qidayla qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir”.
S. Məmmədova qeyd edib ki, dünya praktikasında da plastik tullantılara qarşı mübarizə mərhələli şəkildə həyata keçir: “Biz bu prosesə ilkin olaraq maarifləndirmə ilə başladıq. 2 ilə yaxın müddətdə KİV, sosial şəbəkələr vasitəsilə beynəlxalq təcrübələr paylaşıldı, plastikin növləri, təkrar emala yararlı olub-olmadıqları, orqanizmə və ətraf mühitə ziyanları, çeşidləmə vərdişləri, plastik üçün nəzərdə tutulan konteynerlərə diqqətin yönəldilməsi, müxtəlif çağırışlı posterlər, videoçarxlar paylaşıldı. Uşaqlar, gənclər, istehsalçılar, təkrar emal müəssisələri, yerli icra qurumlarının nümayəndələri, marketlərin satış və marketinq üzrə mütəxəssisləri, könüllülər, QHT nümayəndələri ilə müxtəlif görüşlər, təlimlər, layihələr həyata keçirildi, müsabiqələr təşkil edildi. Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azalması, alternativlərdən istifadə olunmasında maraqlıdırlar”.
Onun sözlərinə görə, alternativlər kağız, bioparçalanan torbalar və qablaşdırmalar, parça, həsir torbalardır: “Müxtəlif çeşiddə, hər büdcəyə uyğun alternativlər var. Orta müddətlə 15-20 dəqiqə istifadə edib atdığımız məhsulu evimizə gətirməklə özümüzün, övladlarımızın, gələcək nəsillərin sağlamlığına zərər veririk”. (Apa)