“İqlim dəyişməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının azalması, digər tərəfdən əhalinin sayının artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi son nəticədə su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirib”.
Meliorasiya və Su Təsərrüfatı: Kürdə suyun həcmi - 27 FAİZ AZALIB
FED.az xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.
Baş nazir deyib ki, Prezidentin tapşırığı ilə su ehtiyatlarından planlı, optimal və səmərəli şəkildə istifadənin təmin edilməsi və su təsərrüfatında yaranmış problemlərin həlli Hökumət qarşısında duran ən ciddi vəzifələrdən biridir: “Dövlət başçısının Sərəncamı ilə 2020-ci ildə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiya yaradılıb. Komissiya su ehtiyatlarından istifadəyə gündəlik rejimdə monitorinq və nəzarəti həyata keçirir. Eyni zamanda yanacaq-enerji balansı ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq su təsərüfatı balansı formalaşdırılıb. Bu balans çərçivəsində su ehtiyatlarının formalaşması və istifadəsi üzrə dəyərləndirmələr aparılır.
Görülmüş işlər nəticəsində su ehtiyatlarından səmərəli istifadə, azalan su həcmlərinə qənaət artıb. Belə ki, əsas su anbarlarında suyun həcmi 1 yanvar 2023-cü il tarixinə 12,5 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 600 milyon kubmetr, 2020-2021-ci illərlə müqayisədə 2 milyard kubmetrdən çoxdur.
Eyni zamanda mövcud infrastrukturun yaxşılaşdırılması, su itkilərinin minimuma endirilməsi, su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması, müvafiq qanunvericilik və normativ-hüquqi aktların təkmilləşdirilməsi istiqamətində lazımi tədbirlər görülür.
Bütün bunlarla yanaşı, əsas çağırış sudan maksimum səmərəli və qənaətlə istifadə etməkdir. Bu, bütün su istehlakçılarına aiddir. Su sərvətdir və onu qorumaq hər birimizin borcudur”.