Marneulidə keçirilən mer seçkilərində “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib.
FED.az xəbər verir ki, Marneuli rayonunun meri seçilən Zaur Darğallı qalibiyyəti ilə bağlı fikirlərini bildirib. O, açıqlamasında qeyd edib ki, rayonda yeni layihələr həyata keçiriləcək, işsizlik probleminin həlli ilə bağlı addımlar atılacaq:
"Təxminən 79 faizə yaxın səs yığmışıq. Əhalinin böyük dəstəyi ilə qalib gəldim. Biz bilirdik ki, nəticələr yaxşı olacaq. Çünki hər görüşdə əhalinin böyük dəstəyini hiss edirdik. Bu qalibiyyət hər bir Marneuli sakininin qalibiyyətidir. Biz mütləq əhali ilə birlikdə yaxın illərdə burda olan problemlərin öhdəsindən gəlib, həll edəcəyik. Bu il 7 yeni məktəb tikilib, 20-yə yaxın məktəbdə təmir işləri aparılıb.Şəhərin özündə yeni su xətti layihəsi başlayıb. Yeni stadionlar tikilir, azərbaycanlıların yaşadığı kəndlərə yeni yollar çəkilir. Növbəli şəkildə bir neçə ilə həm yerli hakimiyyətin, həm mərkəzi hakimiyyətin planı var ki, infrastruktur problemləri həll olunsun. 2012-ci ildə əgər Marneulinin 15 faizi içməli su ilə təmin olunurdusa, biz bu gün bunu 85 faizə qaldırmışıq.Yaxın illərdə əhali 100 faizli şəkildə su ilə təmin olunacaq. Azərbaycanlı biznesmenləri Gürcüstana dəvət edirik. Gürcüstanda biznes mühiti azaddır. Onlar gəlib azad şəkildə biznes qura bilərlər. Burada yaranacaq hər bir iş bizim əhalinin işlə təmin olunmasına kömək edəcək. Mən mer olaraq, aktiv şəkildə bütün beynəlxalq təşkilatlarla, investorlarla çalışacam ki, Marneulidə yeni iş yerləri yaradılsın."
Eləcə də bax: Kanadada iş imkanları - VƏZİYYƏT, ÜSULLAR
©Unikal.org