20 may 2019 11:18

Kanadada iş imkanları - VƏZİYYƏT, ÜSULLAR

Nəhəng fabrikdə necə iş tapmalı?
 
"Toronto nəhəng bir fabrikdir. Burada ancaq işləməli və pul qazanmaq haqqında düşünməlisən". Bu sözlərin müəllifi olan dostumun fikriylə razılaşmamaq mümkün deyil.  Torontonun miqrantlar üçün cazibədar tərəfi burada işsiz qalmaq qorxusunun sıfıra bərabər olmasıdır. Əgər sağlamlığın imkan verirsə və işləməyi sevirsənsə istədiyin qədər pul qazana bilərsən. Amma... Amması odur ki, sutkada 8 saat yox, 14-16 saat işləməyə dözümün olmalıdır. Söhbət həkim, vəkil, İT sahəsi üzrə mütəxəssis işləməkdən getmir...
İş çox olduğu halda insan resurslarının azlığı Kanada hökumətini xaricdən immiqrant dəvət etməyə vadar edir. Xüsusilə fiziki güc tələb olunan peşə işlərində böyük boşluq var.

Eləcə də bax: Çinə toyuq ayağı, Fransaya qurbağa ixrac edən - AZƏRBAYCANLI İŞ ADAMI

 
Əməkhaqqı aylıq deyil, saathesabı verilir
 
Əvvəlcə onu qeyd edim ki, Kanadada maaşlar iş saatına görə hesablanır və bir, yaxud iki həftədən bir ödənilir. Saathesabı verilən minimum əməkhaqqı əyalətdən-əyalətə fərqlənir. Məsələn, Ontario əyalətinin bir hissəsi olan Torontoda minimum əməkhaqqı  saatına 14 Kanada dollarıdır .
Toronto həm də Kanadanın ikinci ən bahalı şəhəri olduğu üçün ailəli adamların istədiyi kimi yaşaması üçün valideynlərin hər ikisi işləməli olur. Amma ailədə valideynlərdən biri hansısa peşənin peşəkarıdırsa o zamanonun qazandığı pul kifayətdir. Bu səbəbdən də "Kanadada iş çoxdur" deyib buraya ailəsi ilə üz tutan miqrantlar bunları nəzərə almalı, hansısa peşəyə yiyələnib hazır gəlməlidirlər.
 
İşçinin "nəfəs almağa" imkanı yoxdur
 
Əməkhaqqı saathesabı verildiyindən, işçilərin kobud desək, "nəfəs almağa" belə zamanları yoxdur. Həm "ağ", həm də "qara" işlərdə dayanmadan çalışmalısan. Yəni istədiyin vaxt özünə çay süzüb kompyuter arxasında işini görmək, yaxud divar hörə-hörə arada çevrilib çaydan bir qurtum almaq, ya da bir qullab siqaret çəkmək söhbəti yoxdur. Çünki hər saatına görə pul alırsan. Gündəlik 8 saatlıq işdə 30 və 15  dəqiqə olmaqla iki dəfə fasilə verilir.    
 
 
İngilis dilini bilmirsinizsə...
 
Torontoda iş imkanlarından yararlanmaq istəyənlərin orta ingilis dili səviyyəsinin olması arzuediləndir. Amma rus, fars, çin, ispan dillərindən hər hansı birini bilənlər də işsiz qalmır. Belə ki, sözügedən millətin nümayəndələrinin açdığı biznes sahələrində işləmək imkanı qazanırlar.   
Qeyd edim ki, Sovetlər birliyi dağılandan sonra xaricə, eləcə də Kanadaya üz  tutan bir çox zəngin adamlar burada böyük fabriklər açıblar. Rus dili normal olanlar həmin fabriklərdə rahat şəkildə fiziki işdə çalışmaq imkanı əldə edirlər.  
Heç bir sənəti olmayan, amma saatlarla maşın idarə edə bilənlərin də yaxşı pul qazanmaq şansı var. Belə ki, taksi xidməti göstərməklə işlədiyin saatlara uyğun olaraq aya təxminən 4-8 min dollar qazanmaq mümkündür.  
 
Torontoda iş tapmağın "min bir" yolu
 
Torontoda iş tapmağın yollarına gəlincə, bir neçəsinə nəzər salaq:
1. Dövlət Karyera Mərkəzlərində qeydiyyatdan keçəndə vaxtaşırı elektron poçt vasitəsilə iş elanları alırsan. Hətta bu mərkəzlər pulsuz-parasız işləmək istədiyin sahəyə uyğun CV hazırlayır, səni iş müsahibəsinə hazırlaşdırırlar.
2. Birbaşa iş elanları saytlarına girib istədiyin işə CV göndərmək, yaxud kiçik biznes sahibləri ilə telefonla birbaşa danışıb anlaşmaq;
3. Kanada höküməti tərəfindən qurulan "Service Ontario" (Ontario xidməti) adı altındakı xidmətlərdən yararlanmaq;
4. Sosial Müdafiə Nazirliyinə gedib, oradakı kompyuterlər vasitəsilə iş elanlarına çıxış əldə etmək;
5. İşədüzəltmə agentlikləri vasitəsilə; (6 ay ərzində agentliyin işçisi sayılırsan və bu müddətə agentlik işlədiyin hər saatdan 1-3 dollar arasında pul tutur. Amma maaşını qayda-qanunla alırsan)
6. Qapı-qapı  düşüb şirkətlərə, restoranlara, hotellərə, mağazalara CV vermək;
7. Şirkətlərin saytlarına girib CV göndərmək;
 
Hansı diplomlar sıfırlanır?
 
Burada iş seçərkən əksər sahələrdə yaşın və cinsin, demək olar, önəmi yoxdur. Məsələn, sərnişin, məktəb avtobuslarının, kamaz, taksi  sürücülərinin arasında xanımlara tez-tez rast gələ biərsiniz.
Onu da deym ki, başqa ölkədə hüquq və tibbi bitirənlərin diplomu sıfırlanır. Kanada hölkuməti sözügedən sahələri bitirənlərin burada külli miqdarda təhsil haqqı ödəyib yenidən təhsil almasını tələb edir. Digər sahələrdə isə ali təhsili olanların dövlət rüsumunu ödəyib diplomlarını tanıtmaq imkanları var. Diplomu tanıtdıqdan sonra ingilis dili biliyi yüksək olanlar qanunla öz diplomları ilə əmək bazarına uyğun iş tapmaq imkanı əldə edirlər. Amma şirkətlərdə "Kanada təcrübəsi" tələb edildiyindən əksər vaxtlarda diplomunu tanıtmaq sevincin "gözündə qalır".
 
Kanadada ən çox tələb olunan diplomlu işlər
 
Tibb bacısı: Bu işçilər orta hesabla saatına 37 dollar qazanırlar. Kanadanın bütün bölgələrində bu peşə sahiblərinə böyük ehtiyac var.
Konkret sahələr üzrə uzman həkimlər; Onu da deyim ki, ayrı-ayrı sahələr üzrə peşəkar həkim çatışmazlığı səbəbindən bəzən hansısa cərrahi əməliyyat üçün insanlar aylarla, hətta bir ildən çox növbə gözləyirlər.
Proqramlaşdırma mühəndisi;
Ümumi can həkimləri;
Əczaçılar;
 
Bu ustalara ehtiyac böyükdür
 
Hansısa sənət üzrə peşəkar ustaların da tez və daha yüksək maaşlı iş tapmaq imkanı var. Məsələn, qaynaqçı, santexnik, elektrik, rəngsaz, ev təmir edən, mebel, kafel-metlak döşəyən usta və s. kimi vakansiyalarda saatına rahatlıqla 25-40 dollardan iş tapmaq mümkündür. Bu peşələr üzrə işləmək üçün əksər vaxt heç bir sertifikata ehtiyac olmur. Hətta bəzən işini çox gözəl bacardığına görə işəgötürən dil biliyini nəzərə almaya bilər.  
Xüsusi bacarıq tələb etməyən işlərə gəlincə, satıcı, ofisiant, aşpaz, çörəkçi, taksi sürücüsü, yemək çatdırma, fabriklərdə paketçi, yaşlılara qulluq və s. tələb olunan vakansiyalar arasındadır.  
 
 
 4 nəfərlik ailəyə nə qədər pul lazımdır?
 
Qeyd edim ki, əgər Torontoda yaşayırsınızsa, ikiuşaqlı ailənin (0-10 yaş arası) orta səviyyədə dolanması üçün aylıq qazanc təxminən 4 min Kanada dolları olmalıdır. Büdcənizin böyük hissəsi ev kirayəsinə gedir. Çoxmərtəbəli binalarda 2 otaqlı mənzillər 1300 dollardan başlayır. 4 nəfərlik ailənin orta səviyyədə bazarlığına ayda təxminən 700-1000 dollar çıxır. Buraya kommunal xərcləri, şəxsi avtomobilin xərcini (sığorta çox bahadır), maşın yoxdursa sərnişin nəqliyyatı üçün xərci,  istirahətə, palpaltara ayırdığın pulu əlavə edəndə 4 min dollar ayı sona çatdırmağa ancaq çatır.
Bir daha xatırladaq ki, Torontoda həyat bahalı olduğundan xüsusilə yeni gələnlər üçün burada həm qadının, həm də kişinin işləməsi üstünlükdür. Belə olan halda azərbaycanlıların dili ilə desək, "qara gün üçün", kanadalıların dili ilə desək, "ağ gün üçün" arxaya rahat şəkildə pul atmaq mümkündür.
 
Lalə MUSAQIZI

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz