Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub.
Eləcə də bax: Elman Rüstəmova - YENİ VƏZİFƏ VERİLDİ
FED.az bildirir ki, Elman Rüstəmov vəzifədən azad olunandan sonra Nazirlər Kabinetinə (NK) təyinat alan ilk məmur deyil.
Vəzifədən azad olunduqdan sonra NK-ya təyinat alan məmurların siyahısını təqdim edirik:
Əhməd Əhmədzadə
Elman Rüstəmovun qudası, uzun müddət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuş (2006-2021) Əhməd Əhmədzadə də 2021-ci ildə Əli Əsədovun sərəncamı ilə müşavir təyin edilib.
Şahin Mustafayev
On bir il ərzində (2008-2019) Azərbaycanın iqtisadiyyat naziri olmuş Şahin Mustafayev tutduğu vəzifədən azad olunduqdan sonra Azərbaycan Prezidentinin sərəncamı ilə Baş nazirin müavini təyin olunub.
Rüfət Məmmədov
Şahin Mustafayevin iqtisadiyyat naziri olduğu dövrdə onun müavini olmuş Rüfət Məmmədov da 2019-cu ildə işdən azad olunduqdan sonra NK-ya təyinat alan məmurlardandır. Belə ki, o, həmin il Baş nazirin sərəncamı ilə Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunub.
Musa Pənahov
Uzun müddət nəqliyyat nazirinin, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini işləmiş Musa Pənahov da vəzifəsini itirdikdən sonra NK-ya təyin olunan məmurlardandır. Belə ki, Musa Pənahov Nazirlər Kabinetinin Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin olunub.
Natiq Məmmədov
2011–2018-ci ildə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədr müavini olan Natiq Məmmədov da NK-də vəzifəyə gətirilən rəsmilərdəndir. O, 2018-ci ildən Baş nazirin Sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini vəzifəsini icra edir.
Hacıbala Abutalıbov
On yeddi il (2001-2018) Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olmuş Hacıbala Abutalıbov da 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Baş nazirin müavini təyin olunmuşdu. Lakin o, cəmi bir il sonra Prezidentin müvafiq sərəncamı ilə bu vəzifədən azad olunmuşdu.
İntiqam Babayev
21 il gənclər və idman nazirinin müavini işləmiş İ. Babayev ötən ilin noyabrında bu vəzifədən uzaqlaşdırıldıqdan sonra Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri təyin olunub. (Qafqazinfo)