"Pandemiya ilə bağlı aprel və may aylarında 600 min vətəndaşa 190 manalıq birdəfəlik ödəmə edilib. Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər. Bizim 26 mindən artıq vakant iş yerimiz var".
FED.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə görə, 190 manat proqramının ilkin icrası zamanı 200 min şəxs nəzərdə tutulmuşdu. Prezidentin tapşırığı il bu say 600 minə qaldırıldı.
"“Məşğulluq haqqında” qanuna əsasən, işsiz kimi qeydiyyatda olan şəxslərə ödəmələr düşür. Pandemiya dövründə işini itirən şəxslərə də işsiz statusunun verilməsini nəzərdə tutduq. Bundan sonra 16 bölgə üzrə xüsusi sərtləşdirilmiş karantin rejimi tətbiq edildi. Bu da nəzərə alınaraq vətəndaşlara sosial ödənişlər yenidən verildi. 2016-cı ildən həyata keçirilən ictimai işlər proqramını 90 minə qədər qaldırdıq.
190 manatla bağlı şikayətlər nazirlik tərəfindən fərdi qaydada araşdırılır. Problemi olan vətəndaş dəvət olunur. Onlara mövcud qanunvericilik çərçivəsində müxtəlif işlər təklif olunur. Amma bir sıra halda vətəndaşlar bu işlərdən imtina edir, 190 manat ödənilməsini tələb edirlər. Məşğulluq Mərkəzi təklif edilən işdən imtina edən vətəndaşı işsiz kimi qeydiyyata almaqdan imtina edir”.
O bildirib ki, 1-ci və 2-ci ay gəlib kartlarını götürməyən şəxslərin kartı bloklanıb və o kartlara ödəniş edilməyib. Nazir müavini qeyd edib ki, uzun müddət bank kartlarını götürməyən şəxslərə yenidən ödəniş edilmir:
“Çünki biz hesab edirik ki, əgər şəxsin buna ehtiyacı varsa gəlib həmin kartı götürəcək”.