“Cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir”.
Eləcə də bax: “Ölkədə tədbirlərin təxirə salınması üzrə 20 milyon manata qənaət edilib”
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard manat az olacaq: “İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsirləri üzrə azalmalara daxili bazarlarda neft məhsullarına tələbatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır”.
O, dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrıldığını deyib: “Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır. Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur”.