"“2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsi 17 maddədən ibarət tərtib edilmişdir. Aparılan qiymətləndirmələr göstərir ki, Qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsindəki əsas göstəriciləri tam əhatə edir".
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, eyni zamanda, Hesablama Palatası tərəfindən bəzi maddələrlə bağlı dəqiqləşdirilmələr də təklif edilib:.
"Aparılan hesablamalara əsasən 2022-ci ildə icmal büdcə xərclərinin 82%-i DİM-lərin maliyyələşdirilməsi ilə əlaqəli olub. Lakin büdcə sənədləşməsində proqnozlaşdırılan dövr üçün aidiyyəti məlumatlara rast gəlinmir. Bu sahədə işlərin davam etdirilməsini, ölkənin ən vacib strateji sənədinin tədbirlərinin DİM-lər üzrə büdcə işarələnməsinə uyğun olaraq proqnoz məlumatların Zərfdə əks etdirilməsini təklif edirik.
Növbəti ilin proqnoz göstəriciləri nəzərə alınmaqla ardıcıl 4 il ərzində vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğləri illər üzrə artaraq 30,6 mlrd. manatadək yüksəlməsi şəraitində həmin vəsaitlərin vətəndaşların və vergi ödəyicilərinin sərəncamında qalması qeyri neft-qaz sektorunda ÜDM həcmlərinin artım templərinin müsbət dinamika ilə inkişaf etməsinə töhvə verir.
Bu baxımdan güzəşt və azadolmaların səmərəliliyinin, o cümlədən iqtisadiyyatda yaradılan əlavə dəyərə təsirinin qiymətləndirilməsinə dair məlumatların “Büdcə zərfi”ndə öz əksini tapmasını məqsədəuyğun hesab edirik".